Azərbaycanda təhlükəsizlik boşluqları aşkarlanmış dövlət informasiya resurslarının sayı kəskin artıb

Bu ilin I yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 902 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
Zeferinfo.az-ın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Təkcə iyunda isə 211 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 5,5 dəfə çoxdur.
Ötən il dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da əvvəlki illə müqayisədə 23 % çoxdur.