Azərbaycanda Özbəkistan mədəniyyət günləri

Azerbaycanda Ozbekistan medeniyyet gunleri

Azərbaycan-Özbəkistan elmi-ədəbi və mədəni əlaqələri çoxəsrlik tarixə və böyük ənənələrə malikdir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni soykökə malik olan xalqlarımız arasındakı əlaqələrin tarixi qədim köklərə söykənir. İbn Sinanın, Xarəzmi və Buxarinin, Uluqbəyin əsərləri qədim zamanlardan Azərbaycanda oxunmuş və həmişə böyük marağa səbəb olmuşdur. Eyni zamanda, Nizami, Xaqani, Nəsimi və Füzulinin əsərləri Özbəkistanda həmişə oxunmuş və rəğbətlə qarşılanmışdır. Türk dilində “Xəmsə” yaratmış dahi şair Əlişir Nəvai həmişə ölkəmizdə özbək ədəbiyyatının rəmzi kimi tanınıb və əsərləri öz doğma ədəbiyyatımız kimi sevilərək oxunub.

Təsadüfi deyil ki, dahi özbək mütəfəkkiri Əlişir Nəvai öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq yazmışdır. Bu mədəni əlaqələr sovet dövründə də davam etmişdir. Azərbaycan və Özbəkistan dövlət müstəqilliklərini bərpa etdikdən sonra iki dövlət arasında tarixin ağır sınaqlarından çıxmış bağlar daha da möhkəmlənərək inkişaf etmiş və bugünkü səviyyəyə gəlib çatmışdır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Azərbaycan və Özbəkistan rəhbərlərinin müstəsna xidmətləri olmuşdur.

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı Azərbaycanı tərəddüdsüz dəstəkləyib. Azərbaycan xalqı ən ağır işğal dövründə özbək xalqının qardaşlıq dəstəyini hiss edib. Postsovet məkanında olan ölkələr arasında Özbəkistan yeganə ölkədir ki, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmayıb və hər zaman Azərbaycanı dəstəkləyib. Bütün bunlar çağdaş münasibətlərimizin tarixində unudulmaz hadisələrdir.

Hazırda Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də mühüm rol oynayır. Hər iki prezident dövlət səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də tez-tez görüşürlər. Cənab Şavkat Mirziyoyevin prezident seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi iki ölkə arasındakı münasibətlərinin səmimiliyinin göstəricisi olmaqla əməkdaşlığın və strateji tərəfdaşlığın inkişafı baxımından da olduqca önəmlidir.

İşğaldan azad edilən Qarabağ torpaqlarında aparılan abadlıq və quruculuq işlərində qardaş Özbəkistan ölkəmizə dəstək göstərir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq inşa edilən orta məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır. Azərbaycana səfəri zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin həmin məktəbin açılış mərasimində iştirak etməsi bu qardaşlığın rəmzi idi.

Həmin məktəbin açılışında Azərbaycan Prezidenti İlham Əliyev demişdi ki, “…bu məktəb təkcə təhsil ocağı deyil, Özbəkistanla bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”. Türk dünyasında gedən inteqrasiya prosesləri kontekstində eyni soykökə malik Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin inkişafı həm də türk dünyasını inkişaf etdirən amillərdən biridir.
Bu günlərdə 14 – 20 dekabr tarixlərində Azərbaycanda Özbəkistan mədəniyyəti günlərinin keçirilməsi qardaşlığımızın daha bir təntənəsidir. İki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyası çərçivəsində mədəni-ədəbi-elmi əlaqələrin inkişafına mühüm töhfələr verir.

Cavanşir Feyziyev: Milli Məclisin deputatı