2025-ci ildə yeni aşkar edilmiş, abidə statusu verilmiş 51 obyekt Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş abidələrin siyahısına daxil edilib.
Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilir ki, daşınmaz tarix-mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq olunub:
"Aparılan təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluqlar, eləcə də xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyətli obyektlərin reyestrə daxil edilməməsi kimi çatışmazlıqlar aşkar edilib".
"Mövcud siyahıdakı səhvlərin aradan qaldırılması və tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən nümunələrin dövlət mühafizəsində olan abidələr siyahısına daxil edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şura yaradılıb. Ekspert Şura tərəfindən bu məsələlərin həlli istiqamətində işlər davam etdirilir", - qurumdan qeyd edilib.