Azərbaycana readmissiya olunan şəxslərin sayı açıqlandı

Azerbaycana readmissiya olunan sexslerin sayi aciqlandi

Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində 2020-2024-cü illər ərzində 16 ölkədən 1 696 nəfərin readmissiyası həyata keçirilib.

Bu barədə Zeferinfo.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ilin ilk 5 ayı ərzində isə 10 ölkədən 164 nəfərin readmissiyası həyata keçirilib.

Qeyd edilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunublar.

Məlumat üçün bildirək ki, readmissiya dedikdə saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) həmin dövlət tərəfindən ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Azərbaycan Respublikasının imzaladığı readmissiya sazişləri aşağıdakılardır:

  • “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş (28 fevral 2014-cü il tarixində Brüssel şəhərində imzalanıb, 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minib);
  • “Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş (3 dekabr 2014-cü il tarixində Bakı şəhərində imzalanıb, 1 iyun 2015-ci il tarixindən qüvvəyə minib);
  • “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş (10 oktyabr 2016-cı il tarixində Bern şəhərində imzalanıb, 1 aprel 2017-ci il tarixindən qüvvəyə minib);
  • “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş (27 aprel 2017-ci il tarixində Podqoritsa şəhərində imzalanıb, 15 dekabr 2017-ci il tarixində qüvvəyə minib).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli tapşırığı ilə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının readmissiya sazişləri əsasında geriqəbulu prosesinə kompleks yanaşmanın tətbiq edilməsi, readmissiya edilmiş şəxslərin üzləşdikləri çətinlik və problemlərin operativ həlli, eləcə də sözügedən şəxslərin cəmiyyətə reinteqrasiyası işinin səmərəli təşkili məqsədi ilə Reinteqrasiya İşçi Qrupu yaradılıb.

Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (İCMPD) birgə həyata keçirilən, geri qayıdan Azərbaycan Respublikası vətəndaşlarına reinteqrasiya dəstəyi - RESTART layihəsi yaradılıb.