Azərbaycanın Konstitusiya tarixində 1995-ci ildə qəbul edilmiş bu sənəd ümumilikdə dördüncü, müstəqil dövlətimizin isə ilk Konstitusiyası olmuşdur. Onun qəbulu ilə dövlət idarəetməsində hüququn aliliyi, hakimiyyət bölgüsü prinsipləri-qanunverici, icraedici və məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunub. Əsas Qanunumuz insan və vətəndaş hüquqlarının qorunmasını dövlətin ali vəzifəsi kimi müəyyənləşdirib. Konstitusiyanın 5 bölməsi, 12 fəsli və 158 maddəsi bütün sahələrdə-siyasi, sosial, iqtisadi və mədəni həyatın tənzimlənməsində mühüm rol oynayır.
Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə edilən əlavə və dəyişikliklər yeni dövrün tələblərinə uyğun olaraq hüquqi sistemin təkmilləşdirilməsinə yönəlib. Xüsusilə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan son islahatlar Konstitusiyanın insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət və bələdiyyə orqanlarının məsuliyyətinin artırılması istiqamətində yeni mərhələ açıb.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması isə hüquqi dövlət prinsipinin praktiki təminatıdır. Bu məhkəmə Konstitusiyanın aliliyini qoruyur, qanunların ona uyğunluğunu təmin edir və vətəndaşların hüquqlarının bərpasında mühüm rol oynayır.
Bu gün Konstitusiya Günü yalnız hüquqi sənədin qəbulunu deyil, həm də müstəqil dövlətçiliyimizin rəmzini təcəssüm etdirir. Xalqımız bu günü dövlət müstəqilliyinin, hüquqi sabitliyin və milli birliyin bayramı kimi qeyd edir.
Konstitusiyanın qüvvəyə minməsi Azərbaycan dövlətçiliyinin inkişafında dönüş nöqtəsi olmuşdur. Bu sənəd sayəsində Azərbaycan hüquqi və demokratik prinsiplər üzərində möhkəm şəkildə formalaşmış, dünya birliyində öz layiqli yerini tutmuşdur. Bu gün hər bir vətəndaşın borcudur ki, Konstitusiyamıza hörmətlə yanaşsın, onun prinsiplərini gündəlik həyatında rəhbər tutsun. Çünki Əsas Qanunumuz yalnız hüquqi sənəd deyil, həm də milli birliyimizin, sabitliyimizin və gələcəyə inamımızın rəmzidir.
Rəvanə Kərimova, Nəsimi Rayon Gənci.