Azərbaycan əlifbası və dili günü

Azerbaycan elifbasi ve dili gunu

Qloballaşan dünyada hər bir xalq milli dəyərlərinin qorunub saxlanılması və həmin dəyərlərin assimilyasiyaya məruz qalmaması üçün böyük səylər göstərir. Dil insanlar arasında ən vacib ünsiyyət vasitəsi kimi milli identikliyi nümayiş etdirən komponentlərdən biridir. Ona görə də Azərbaycan dilinin yad təsirlərdən müdafiəsi və inkişaf etdirilməsi günümüzün aktual mövzuları sırasında xüsusi yer alır.

1 avqust – Azərbaycan əlifbası və dili günüdür. Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. Əgər “Kitabi-Dədə Qorqud” dastanının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilirsə, hazırda ünsiyyət vasitəsi sayılan dilimizin yaşı təxminən 1300 ildən artıq bir dövrü əhatə edir. Yazılı ədəbi dilin tarixinin isə XIII əsrdən başladığı bildirilir. Bir sözlə, 800 ildən artıq yaşı olan ədəbi dilmizin inkişafının birinci mərhələsi XIII-XVIII əsrləri, ikinci mərhələsi XVIII əsrdən yaşadığımız günlərə qədər olan dövrü əhatə edir.

Ümumiyyətlə, Azərbaycan dili geneoloji təsnifata görə, türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edir. Ulu Öndər Heydər Əliyevin bu sözləri türk dilləri qrupuna aid olan Azərbaycan dilinin mənəvi zənginliyindən xəbər verir. Sitat. “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik. Dil birliyimiz, türkdilli ölkələr, türk dövlətləri qrupuna daxil olmağımız üzərimizə çox böyük vəzifələr qoyur”. Sitatın sonu.

Bəli, dil onun daşıyıcılarının üzərinə böyük məsuliyyət qoyur, çünki, dil dədə-babalarımızdan bizə yadigar qalan və gələcək nəsillərə ötürülən bir irsdir. Ona görə də hər bir vətəndaş dilin saflığının qorunması, yad sözlərin dilimizə daxil edilməməsi, Azərbaycan dilinin incəliklərinin itirilməməsi üçün əzmlə çalışmalı, vətənpərvərlik və milli maraqlar prizmasından çıxış etməlidir. Ən azından, ötən 100 illik tarixə nəzər yetirmək və dilimizin inkişafı önündə mövcud maneələrin hansı çətinliklərlə aradan qaldırıldığını xatırlamaq hər kəsi məsuliyyətli olmağa vadar etməlidir. Məsələn, tarixi faktlara görə, 1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsi yaradıldı və həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifbanın tərtibi tapşırıldı. Bu, yeni qrafikaya keçmək yolunda atılmış ilk ciddi addım sayılır. 1926-cı ildə keçirilmiş Birinci Umumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifbanın tətbiqinə start verildi.

XX əsrin 70-ci illərinin ortalarından başlayaraq keçmiş sovetlər birliyinə üzv olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi aktual məsələ kimi yenidən gündəmə gətirildi. Çünki, 1977-ci ildə sovet konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması elementləri özünü təzahür etdirməyə başlamışdı. Belə bir vəziyyətdə ana dilinin təbliği ətrafında diskussiyalar aparmaq ciddi təqiblərlə üzləşirdi və təkcə onu demək kifayət edir ki, ötən əsrin 30-ci illərində – yəni SSRİ-nin yarandığı ilk illərdə dil məsələsini qabardanları sürgünə məruz qoymuşdular.

Sovet cəza maşınının sərt tədbirlərinə baxmayaraq, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması istiqamətində fəal səylər ortaya qoydu. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddəni bu şəkildə verməyi təklif etdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin yanaşma “sovet xalqı” adı altında milli özünəməxsusluqları nəzərə almayan bolşevik ideologiyasını rədd edir, Azərbaycan xalqının öz dilinə sayğı ilə yanaşaraq onu qorumaqda israrlı olduğunu təsdiqləyir. Ulu Öndərin məsələ ilə bağlı bu sözləri xüsusi diqqət çəkir. Sitat. “Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir”. Sitatın sonu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində – müstəqilliyin bərpası sayəsində yaranmış tarixi şərait Azərbaycan dövləti üçün dünya xalqlarının ümumi yazı sisteminə qoşulma perspektivlərini açdı. Artıq hər kəs başa düşürdü ki, latın qrafikalı Azərbaycan əlifbasının bərpası zəruridir. 1995-ci ildə yeni Konstitusiya hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü. Təkliflərin çox böyük əksəriyyətində ana dilinin Azərbaycan dili adlandırılması dəstəkləndi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili elan edildi.
Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi müstəqil dövlətçiliyin başlıca əlamətlərindən biri sayılır. Dilin tətbiqi, qorunması və inkişafı ona görə labüddür ki, o, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün də zəmin yaradır. Ulu Öndər deyirdi ki, “Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır”.

Azərbaycan dili və əlifbasının inkişafında Prezident İlham Əliyevin verdiyi qərarlar dil və əlifbamız üçün yeni mərhələ sayılmalıdır. Belə ki, dövlət başçımızın “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”“Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə Azərbaycan dilinin ictimai həyatın bütün sahələrində geniş tətbiqinə münbit şərait yaradıldı. Bundan başqa, müasir dövrün tələbləri və reallıqlarını nəzərə alan Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na dair sərəncamı milli və mənəvi varlığımızın güzgüsü olan ana dilinin saflığı və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə sayılmalıdır. Ölkə rəhbərinin bu sözləri isə dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız üçün fəaliyyət proqramı olmalıdır. Sitat. “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir”. Sitatın sonu.

Bir sözlə, Ulu Öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyevin ana dili və Azərbaycan əlifbası ilə bağlı həssas addımları Azərbaycan xalqının dünya xalqları arasında yerini müəyyən edən əsas faktorlardan biridir. Bu arada, latın qrafikalı müasir əlifbamızın formalaşmasında bir çox alimlərin xüsusi rolu var ki, həmin sırada görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, Onomastika elmi məktəbinin banisi Afad Qurbanov da yer alır. Onun təşəbbüsü ilə 1990-cı il avqutun 1-də Azərbaycan Əlifba Komissiyası yaradıldı və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq, Afad Qurbanov həmin komissiyanın sədri təyin edildi. Afad Qurbanov latın qrafikası əsasında Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifbanın layihəsini hazırladı və Komissiyanın müzakirəsinə verdi. Beləliklə, əgər XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradılmışdısa, hazırda istifadə olunan latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır.

Bəli, ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi fəxarət hissi doğurur. Hər bir azərbaycanlı hansı ölkədə yaşamasından asılı olmayaraq, öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Qlobbalaşan dünyada buna əməl etmədən milli dili və əlifbanı qoruyub saxlamaq mümkün görünmür. Çünki, dil tək ünsiyyət vasitəsi deyil, həm də xalqların tarixi yaddaşı, ədəbi və mədəni inkişafının simvolu kimi rolunu artırmaqdadır.

Əlibala Məhərrəmzadə: Milli Məclisin deputatı