AYNA: Ağdam-Füzuli yolunda aşmış mikroavtobus qeyri-qanuni sərnişin daşıyıb

Bu barədə Zeferinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
"Avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm və müntəzəm sərnişin daşımaları “Avtomobil nəqliyyatı haqqında” qanun, Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları” ilə tənzimlənir. Avtomobil nəqliyyatı ilə sifarişli daşımaları zamanı sürücüdə daşınmanın sifarişçisi və daşıyıcının təsdiq etdiyi formulyar olmalıdır. Formulyar elektron qaydada “AYNA” informasiya sisteminin elektron formulyar altsistemi üzərindən yaradılır. Qeyri-müntəzəm sərnişin daşımalarının formulyar doldurulmadan həyata keçirilməsi məsuliyyətə səbəb olur. Müvafiq icazə aldıqdan sonra sərnişindaşıma ilə məşğul olan sürücü reysqabağı tibbi, nəqliyyat vasitəsi isə texniki müayinədən keçməlidir. Sərnişinləri yalnız rəsmi qaydada fəaliyyət göstərən daşıyıcıların xidmətlərindən istifadə etməyə çağırırıq", - məlumatda qeyd olunub.