“ASAN xidmət”in Pakistanda tətbiqi ilə bağlı işlər sürətlənləndirilir

“ASAN xidmet”in  Pakistanda tetbiqi ile bagli isler suretlenlendirilir

18 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya naziri Şaza Fatima Xavajanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Pakistanın paytaxtı İslamabad şəhərində “ASAN xidmət” mərkəzinin təsis olunması istiqamətində icra edilməkdə olan işlərlə əlaqədar geniş müzakirələr aparılıb.

Pakistanlı nazir “ASAN xidmət” mərkəzinin qurulması istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, pilot mərkəz fəaliyyətə başladıqdan sonra Pakistanın digər bölgələrində də “ASAN xidmət” mərkəzlərinin yaradılacağını bildirib.

Xatırladaq ki, cari ilin 10 sentyabr tarixində Pakistan İslam Respublikasının Baş nazirinin iştirakı ilə İslamabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Pakistan İslam Respublikasında “ASAN xidmət” təcrübəsinin tətbiqi istiqamətində əməkdaşlığa dair Saziş” imzalanıb.

Nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı”nın, ASAN İnnovativ İnkişaf Mərkəzinin və Səyyar ASAN xidmətin fəaliyyəti ilə də tanış olub.