AQTA: Son günlər şadlıq saraylarında mənşəyi məlum olmayan ətlər aşkarlanıb

AQTA: Son gunler sadliq saraylarinda menseyi melum olmayan etler askarlanib
Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.

Zeferinfo.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, bununla bağlı AQTA ictimai iaşə müəssisələrinə bildiriş məktubları ünvanlayıb və məsul şəxslərə yalnız mənşəyi və keyfiyyəti sənədlərlə təsdiqlənmiş ət məhsullarından istifadə etmələri bir daha xatırladılıb.

Hazırda Agentlik respublika üzrə ictimai iaşə obyektlərində və şadlıq saraylarında nəzarət tədbirlərini gücləndirib. Qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görülür.

"Qida təhlükəsizliyi tələblərinə görə, eyni zamanda dünyada yayılan yoluxucu heyvan xəstəliklərini nəzərə alaraq, mənşə və keyfiyyəti təsdiqlənməyən heyvan mənşəli məhsulların istehlaka təqdim edilməsi qanunvericiliklə qadağandır və bu hallar insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Eyni zamanda, Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır", - məlumatda qeyd olunub.