ANAMA azad edilən ərazilərdəki yanğınlarla bağlı əhaliyə müraciət edib

Zeferinfo.az xəbər verir ki, müraciətdə son günlərdə mövsümlə əlaqəli havaların isti və quraq keçməsi nəticəsində meşə və otlaq sahələrində yanğın hadisələrinin artdığı qeyd olunub.
Məlumata görə, azad edilmiş ərazilərə vətəndaşların istirahət və ziyarət xarakterli səfərlərinin intensivləşməsi və qayıdış prosesində iştirak edən sakinlərin sayının artması müşahidə olunur.
Bu səbəbdən ANAMA vətəndaşlara azad olunan ərazilərdə olarkən odla davranış qaydalarına ciddi riayət etmələri üçün çağırış edib:
"Açıq alovdan istifadə zamanı ehtiyatlı davranmalı, siqaret kötüklərini yerə atmaqdan çəkinmək lazımdır. Baş verə biləcək genişmiqyaslı yanğın hadisəsi zamanı həmin ərazilərdə atılıb qalan mina və digər partlayıcı sursatlar hərarətin təsirindən işə düşə və yaxınlıqda olan hər hansı bir şəxs və ya şəxslərə ciddi ziyan vura bilər.
Eyni zamanda Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən süni maneələr və istehkamlar, eləcə də təbii olan bitki örtüyünün heç bir resurslarla təmizlənməsi mümkün olmayan ərazilərdə yandırma fəaliyyəti kimi prosedur mövcuddur. Lakin ANAMA tərəfindən bu kimi fəaliyyət icra edilmir. İşğaldan azad edilmiş ərazilərdə yanğın və ya mina təhlükəsi halları ilə qarşılaşdıqda dərhal 805, 102 və ya 112 nömrələrinə müraciət etməyiniz tövsiyə olunur. Özümüzü, yaxınlarımızı, təbiətimizi və vətən torpağını birgə qoruyaq!"